21-22 sentyabr 2026-cı il tarixlərində Forest School Azerbaijan TISA (The International School of Azerbaijan) beynəlxalq məktəbinin 10-cu sinfində təhsil alan 40 şagird üçün Talıstanda iki günlük təhsil proqramı təşkil edib.
Proqramın əsas hissəsini meşədə keçirilən komanda ekspedisiyası təşkil edib. Bu zaman şagirdlər xəritə, kompas və təbii istiqamət nişanlarından istifadə edərək ərazidə səmtləşib, ipuclarını tapıb və marşrutları müstəqil şəkildə müəyyən ediblər. İştirakçılar su mənbələrini tapmağı, çadır və hamak qurmağı, təhlükəsiz şəkildə od qalamağı və yürüş çantalarını düzgün yığmağı öyrəniblər.
Proqrama həmçinin komanda müzakirələri, tonqal ətrafında axşam fəaliyyətləri və Talıstanın mənzərəli meşə marşrutları boyunca birgə yürüş daxil olub. Hər bir tapşırıq iştirakçılardan müstəqillik, qarşılıqlı yardım, razılığa gəlmək və qeyri-adi şəraitdə həll yolları tapmaq bacarığı tələb edib.
Tədbir learning by doing (təcrübə vasitəsilə öyrənmə) prinsipləri əsasında təşkil edilib. Bu yanaşma şagirdlərə biliklərini praktikada tətbiq etmək, özünəinam, məsuliyyət, əzmkarlıq və komandada işləmək bacarıqlarını inkişaf etdirmək imkanı yaradıb.
Xüsusi diqqət şagirdlərin 10-cu sinifdə, o cümlədən MYP təhsil proqramı çərçivəsində fərdi layihələri üzərində işləyərkən ehtiyac duyacaqları bacarıqlara yönəldilib.
İki günlük ekspedisiya təbiət qoynunda öyrənmə, fiziki fəallıq və çətinliklərin birgə öhdəsindən gəlmə təcrübəsini birləşdirərək şəxsi inkişaf və komanda ruhunun gücləndirilməsi üçün əlverişli mühit yaradıb.






