AIESEC Azərbaycan Gənclər Təşkilatı ilə Forest School Azerbaijan arasında qarşılıqlı əməkdaşlıq baş tutmuşdur. Bu əməkdaşlıq əsasında aramıza könüllü olaraq Türkiyədən qatılan Zeynəb Sümerin könüllülük fəaliyyəti 6 həftəlik bir periodu əhatə etdi.
Bu müddət ərzində o Forest School Azerbaijan-ın müxtəlif fəaliyyət və layihələrində yaxından iştirak etdi. O, bu vaxt ərzində müxtəlif mövzular istiqamətində: “Təbiətdə kollaj”, “İqlimlər və heyvanlar”, “Təbiətdə geridönüşüm”, “Günəş sistemi” adlı master-klasslar təşkil etdi.
Bununla yanaşı, könüllülük proqramı ərzində Forest School Azerbaijan-ın layihə və düşərgələrində də yaxından iştirak edərək öz dəstəyini əsirgəmədi.
Zeynəb Sümer National Geographic-in dəstəyi ilə həyata keçirilən “Forest School Təhsil Proqramı” layihəsi çərçivəsində seçilmiş pedaqoq liderlərin 2-ci səviyyə təlimlərində, və National Geographic təhsil layihələri çərçivəsində həyata keçirilən “Forest School Təhsil Proqramı” layihəsinin Masallı rayonunda baş tutan yay düşərgəsində iştirak edib.
Əlavə olaraq Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun (UNFPA) və BMT-nin Qadınlar Agentliyinin (UN Women) təşkilatçılığı və Forest School Azerbaijan-nın dəstəyi ilə Mingəçevirdə “Gənclər Qız Uşaqlarının Dəyərinin Təşviqi və Gender Bərabərliyi Uğrunda” adlı gənc oğlanlar üçün təşkil olunmuş düşərgədə fəal iştirak etmişdir.