Qəbələnin Vəndam qəsəbəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tərəfdaşlığı ilə “Forest School Vəndam” yay düşərgəsi keçirilib.
Düşərgənin əsas məqsədi uşaqların həyat bacarıqlarını, özünə inamını, açıq havada təhlükəsiz şəkildə öyrənmək, təbiəti kəşf etmək və ondan həzz almaq həvəsini inkişaf etdirmək olub.
Düşərgə çərçivəsində onlar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin mütəxəssisləri ilə birgə təşkil olunan müxtəlif peşə istiqamətləri üzrə praktiki fəaliyyətlərə qoşulublar.
Bundan əlavə uşaqlar tullantıların yenidən emalı, Vəndam qəsəbəsində yetişən dərman tərkibli bitkilərin toplanması, bitkilərdən rənglərin alınması kimi Forest School təhsil konsepsiyasına uyğun əyləncəli və öyrədici fəaliyyətlərdə iştirak ediblər. Həmçinin misgərlik və kəlağayın toxunması sənətinin incəliklərini öyrənərək bunu praktiki olaraq tətbiq etmə imkanı əldə ediblər.
Qəbələ Tarix Bədii Qoruğuna təşkil olunan ekspedisiya çərçivəsində isə bu ərazidə arxeoloji qazıntılar zamanı tapılmış müxtəlif eksponatlarla tanış olublar.