Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında “Forest School Azerbaijan” tərəfindən “Atalar məktəbi” proqramının icrası uğurla başa çatıb.
Layihə Sosial Xidmətlər Agentliyinin ailələrin çətin həyat şəraitinə düşməsinin qarşısının alınması istiqamətində həyata keçirdiyi maarifləndirmə tədbirləri çərçivəsində valideynlərin məsuliyyətli valideynlik bacarıqlarının artırılmasına xidmət edib.
“Atalar məktəbi” proqramının əsas məqsədi ataların valideynlik prosesində iştirakının gücləndirilməsi, ailədaxili münasibətlərin sağlam və dayanıqlı əsaslar üzərində qurulması, oğlan və qız uşaqlarının ailədə bərabər dəyərə malik fərdlər kimi qəbul olunmasının təşviqi, uşaqların fiziki və psixoloji inkişafının daha təsirli şəkildə dəstəklənməsidir. Layihə çərçivəsində müvafiq sahə üzrə bilik və bacarıqlara malik, geniş auditoriya ilə işləmək təcrübəsi olan 10 təlimçi (fasilitator) seçilib və onlar üçün xüsusi hazırlıq təlimləri təşkil edilib. Təlimləri tamamlayan fasilitatorlar 2025-ci ilin dekabr ayı ərzində bölgələrdə atalar üçün maarifləndirici təlimləri və müzakirə sessiyaları keçiriblər.
Proqram Bakı şəhərinin Sabunçu və Binəqədi rayonlarını, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərini, Abşeron rayonunun Xırdalan şəhərini, Masallı, Cəlilabad, Tovuz və Şəmkir rayonlarını əhatə edib. Ümumilikdə 250 ata layihəyə birbaşa cəlb olunub.